“Yeni qaydalarla bağlı vətəndaşların maarifləndirilməsi üçün bildirişlər paylanılanda onlara izah olunur. O cümlədən Xızı rayonunun ayda bir dəfə çıxan qəzeti var və ara-sıra orada da məlumatlandırma xarakterli yazılar nəşr edilir”-bu fikirləri Xızı bələdiyyəsinin sədri Mövsüm Bağırov deyib. Onun sözlərinə görə, Xızı bələdiyyəsinin ərazisində əhalinin sayı elə də çox deyil: “Cəmi 1500 nəfər yaşayır ki, onları da demək olar ki, hər gün görürük. Yığıma gəldikdə isə əhali vergini ödəməyə bir o qədər maraq göstərmir.
əmlakların qeydiyyatı ilə bağlı yeni proqram var, bələdiyyəmiz həmin proqrama əsasən işləməyə başlayıb. icra hakimiyyəti ilə əməkdaşlığa gəlincə, bizim üçün heç bir problem yoxdur. Lazım olanda müraciət edirik, bizə köməklik göstərirlər. Çünki nəinki bizim, ümumiyyətlə bir çox bələdiyyələrin imkanları məhduddur. Bələdiyyə işçilərinin də maaşlarını çalışırıq ki, gecikdirməyək”.
M.Bağırov deyib ki, bələdiyyələrin maliyyə imkanlarının artırılması üçün pul gətirən sahələr yaratmaq lazımdır. Onun sözlərinə görə, texniki, kənd təsərrüfatı və digər sahələrlə bağlı ola bilər: “Misal üçün, avtomobil təmiri sexi. Bələdiyyənin maliyyəsi olsa, belə bir sex inşa etdirər və vətəndaşa icarəyə verər, həmin icarə haqqı da bələdiyyənin büdcəsinə gələr. Eyni zamanda mərasim zalları, şadlıq evi tikə bilər, iaşə obyektləri aça bilər və sair”.
Bələdiyyə sədri deyib ki, vətəndaş borcunu vermir, ancaq bələdiyyədən çox şey istəyir: “Vətəndaşlar gətirib 10 manat vergi borcunu versin, sonra gəlib tələb eləsin ki, mənim büdcəyə ödədiyim pulu nə etmisiz. Axı vətəndaş bunu eləmir? Hər şey burdan qaynaqlanır. Dövlət hər cür şərait yaradıb, bələdiyyəyə də, vətəndaşa da. Vətəndaşların üzərinə böyük məsuliyyət düşür.
Bəxtiyar Məmmədli